Azərbaycanın paytaxtında “Bakı küləyi” adlı rok konsert təşkil olunacaq. Konsert “Bizim Gənclik” İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 15-də Teatr Xadimləri İttifaqının səhnəsində baş tutacaq.
Birliyin sədri və konsertin təşkilatçısı Babək Əliyev bildirib ki, konsertdə Azərbaycanın “Ozan” və “Sıfırın altında” rok qrupları iştirak edəcəklər. Konsertin təşkilindən məqsəd milli rokun inkişafına dəstək verməkdir.
Onun sözlərinə görə, birliyin təşkilatçılığı ilə bu ilin aprelində paytaxtda ilk dəfə rok konserti keçirilib. Bu, rok musiqisi sahəsində ikinci layihədir.
Qurum gələn ildən etibarən belə tədbirləri beynəlxalq səviyyədə keçirməyi nəzərdə tutur. Birinci il Türkiyə, Gürcüstan, İran, Makedoniya və digər ölkələrin rok ifaçılarını və qruplarını Bakıya dəvət etmək planlaşdırılır. Artıq onların çoxu ilə əlaqə yaradılmışdır. B.Əliyev vurğulamışdır ki, “Bakı küləyi” konsertində əsasən azərbaycanlı və türkiyəli tələbələrdən ibarət qruplar çıxış edəcəklər.
|